Eto “Real Madrid”ə keçərkən hava limanında unudulduğunu açıqladı

31 Oktyabr 2026 03:37
73
Eto “Real Madrid”ə keçərkən hava limanında unudulduğunu açıqladı

“Barselona” və “Real Madrid”in sabiq hücumçusu, hazırda Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti olan Samuel Eto İspaniyaya ilk gəlişi ilə bağlı maraqlı xatirəsini bölüşüb.

İdman.Biz Sport.es-ə istinadən xəbər verir ki, kamerunlu futbolçu 16 yaşında Madridin Baraxas hava limanında tək qaldığını bildirib. Buna səbəb “Real Madrid” nümayəndələrinin onu qarşılamağa gəlməməsi olub.

“16 yaşımda ilk dəfə İspaniyaya gələndə “Real Madrid”in heç bir əməkdaşı məni Baraxas hava limanında qarşılamadı. Bir qədər qorxmuşdum. Sonra orada işləyən afrikalı təmizlik işçisi ilə söhbət etməyə başladım.

O dedi ki, növbəsinin bitməsini gözləsəm, məni klubun bazasına aparacaq. Mən indiyədək onunla əlaqə saxlayıram”, - deyə Eto xatırlayıb.

Kamerunlu futbolçu sonradan Afrika futbolunun ən çox titul qazanan oyunçularından birinə çevrilib. O, ən böyük uğurlarını “Barselona”da əldə edərək 2006 və 2009-cu illərdə Çempionlar Liqasının qalibi olub. Eto 2010-cu ildə isə Milan “İnter”inin heyətində bu turnirin kubokunu qazanıb.

Xatırladaq ki, Samuel Eto oktyabrın 26-da FIFA U-15 dünya çempionatı və festivalının tədbirlərində iştirak etmək üçün Bakıya gəlib. Kamerun Futbol Federasiyasının prezidenti səfər zamanı ölkəsinin yeniyetmələrdən ibarət millisini də ziyarət edərək gənc futbolçulara dəstək olub.

İdman.Biz