“Arsenal”ın baş məşqçisi Mikel Arteta futbolçu Deklan Raysın mövsüm ərzində keçirdiyi oyunların sayına və iş yükünə nəzarət etdiklərini bildirib.
İdman.Biz xəbər verir ki, Arteta Raysla bağlı fərdi planlarının olduğunu deyib.
“Əlbəttə, biz iş yükündən xəbərdarıq. Söhbət təkcə fiziki yükdən deyil, həm də hər bir oyunçunun üzərinə düşən zehni yükdən gedir. Buna görə də hər futbolçu üçün fərdi planımız var. Biz oyun vaxtı ilə yanaşı, məşqləri, iclasları, səfərləri və mövqelərin tələb etdiyi digər amilləri də nəzərə alırıq.
Hazırda Deklan gördüyü işdən çox məmnundur və özünü rahat hiss edir. O, yarımmüdafiədə müxtəlif tərəfdaşlarla oynayıb və komandanın ehtiyaclarına uyğun olaraq oyun tərzini dəyişməyə davam edəcək”, – deyə Arteta deyib.
Xatırladaq ki, Deklan Rays daha əvvəl mövsüm ərzində 60 oyun keçirməyin onun üçün problem olmadığını bildirib.
