“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Zirə” üzərindəki böyükhesablı qələbədən sonra Çempionlar Liqasında “Mançester Yunayted”lə qarşıdakı görüş barədə danışıb
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis “Old Trafford”da fərqli oynayacaqlarını bildirib.
“Əlbəttə ki, eyni oyun planı ilə İngiltərəyə gedib “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynamaq olmaz. Düzdür, bizim kimliyimiz var. Bu da ondan ibarətdir ki, çalışdıqca hücumda daha fəal olmaq və daha çox qol vurmaq istəyirik. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, “Mançester Yunayted”ə qarşı fərqli planımız və fərqli hazırlığımız olacaq” - deyə Dambrauskas deyib.
Baş məşqçi əsas oyunçuların zədələnməsi ehtimalı və sıx təqvim barədə də danışıb:
“Futbolçuların vəzifələri sadəcə məşq etmək yox, həm də oynamaqdır. Bizdə hələlik məlumat yoxdur ki, “Mançester Yunayted”ə qarşı kimlər oynamayacaq. Amma sizə onu söz verə bilərəm ki, biz “Mançester Yunayted”ə qarşı 10 nəfərlə oynamayacağıq, yenə də 11 nəfərimiz var və onlar da oynamağa hazırdır. Meydana kim daxil olursa-olsun, bizim oyun keyfiyyətimiz düşmür.
27 gün ərzində 8 oyunumuz var. Elə lüksümüz var ki, oynayaq və futbolçularımıza 2 gün istirahət verək. 19 noyabrdan dekabrın 9-na qədər 7 oyunumuz var. Çalışacağıq ki, öz tempimizi saxlayaq. Bir oyun bitdikdən sonra önəmli olan qarşıdakı matça hazırlaşmaqdır. Ona görə də Çempionlar Liqasına xoş gəldiniz”.
