“Deportivo” əzmkar qələbə qazandı, “Atletik” və "Rayo Valyekano" üç xala sevindi - YENİLƏNİB + VİDEO

6 Sentyabr 2026 01:33
1 237
“Deportivo” əzmkar qələbə qazandı, “Atletik” və "Rayo Valyekano" üç xala sevindi

İspaniya La Liqasının dördüncü turunda "Deportivo" səfərdə "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Vilyarrealda keçirilən qarşılaşmada "Deportivo" əzmkar qələbə qazanıb.

Görüşün qəhrəmanlarından biri La-Korunya təmsilçisinin 37 yaşlı hücumçusu Pyer-Emerik Obameyanq olub. O, bir qola imza atmaqla yanaşı, Luismi Kruz və Zakariya Eddahşuriyə məhsuldar ötürmə edib.

"Vilyarreal"ın heyətində Nikolya Pepe fərqlənib. "Deportivo"nun hücumçusu Adama Traore isə avtoqola imza atıb.

Bu nəticədən sonra "Deportivo" xallarının sayını səkkizə çatdırmaqla turnir cədvəlində dördüncü olub. Dörd oyunda məğlub olmayan La-Korunya təmsilçisini liderlərdən bir xal ayırır. "Vilyarreal" isə iki xalla 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, sentyabrın 13-də "Deportivo" səfərdə "Xetafe" ilə qarşılaşacaq. "Vilyarreal" isə növbəti gün "Betis"i qəbul edəcək.

23:05

İspaniya La Liqasının dördüncü turunun matçında "Rayo Valyekano" doğma meydanda "Rasinq"lə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, "Rayo Valyekano" rəqibini 3:2 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində Serxio Kamelyo dubl edib, daha bir qolu isə Andrey Ratsyu vurub. Qonaqların heyətində isə Serxio Kanales və Pablo Qarsiya fərqlənib.

"Rayo Valyekano" görüşü azlıqda başa vurub: 86-cı dəqiqədə hücumçu Fran Peres dirsəklə zərbə endirdiyinə görə qırmızı vərəqə alıb.

"Rayo Valyekano" mövsümdə ilk qələbəsini qazanaraq xallarının sayını 4-ə çatdırıb. Hazırda "Rasinq"lə birlikdə 11-12-ci pillələri bölüşdürür.

20:48

"Atletik" İspaniya La Liqasının dördüncü turunun matçında doğma meydanında "Atletiko"nu qəbul edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri Madrid təmsilçisini darmadağın edib - 3:0

Qolların hamısı oyunun ikinci hissəsində vurulub. Niko Uilyams, Robert Navarro və Oyan Sanset fərqlənib.

Madrid təmsilçisinin heyətində ikinci hissədə mövsümlərarası fasilədə klubunu dəyişmək istəyən argentinalı hücumçu Xulian Alvares meydana daxil olub.

Qeyd edək ki, Bilbao təmsilçisi La Liqa matçında 2013-cü ilin yanvarından bəri ilk dəfə "Atletiko"nu darmadağın edib. Həmin oyun da 3:0 hesabı ilə başa çatmışdı.

"Atletik" 6 xal toplayaraq cədvəldə 8-ci yeri tutur. "Atletiko" isə 7 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.Biz