İngiltərənin “Mançester Siti” futbol klubu ötən yaz Aleksandar Pavloviçi transfer etmək üçün böyük məbləğ xərcləməyə hazır olub.
İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi mart ayında “Mançester Siti”nin əsas transfer hədəflərindən biri olub. İngiltərə təmsilçisi 22 yaşlı futbolçu üçün 100 milyon avroyadək (198 milyon AZN) ödəməyə hazır idi.
Lakin rəsmi təklifə qədər gedib çıxılmayıb. Pavloviç erkən mərhələdə Münhen klubundan ayrılmaq istəmədiyini bildirib və İngiltərəyə keçid variantını qəbul etməyib.
Almaniya millisinin üzvünün “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Klubun yetirməsi olan Pavloviç əsas komandada debütünü 2023-cü ilin oktyabrında edib və hazırda Vensan Kompaninin əsas heyət üzvlərindən biridir.
“Mançester Siti” Pavloviç variantının baş tutmamasından sonra diqqətini başqa yarımmüdafiəçilərə yönəldib. Klub yayda Elliot Anderson, Ayyub Buaddi və Enzo Fernandesi heyətinə qatıb.
