Liqa 1-də mərkəzi oyun: Safonovlu PSJ Qolovinli “Monako”ya qarşı

4 Sentyabr 2026 06:29
103
Liqa 1-də mərkəzi oyun: Safonovlu PSJ Qolovinli “Monako”ya qarşı

Fransa Liqa 1-də üçüncü turun mərkəzi qarşılaşmasında PSJ və “Monako” üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, Parisdə keçiriləcək matçda azarkeşlərin diqqətini çəkən əsas məqamlardan biri meydan sahiblərinin qapıçısı Matvey Safonovla qonaqların yarımmüdafiəçisi Aleksandr Qolovinin dueli olacaq.

Son çempion PSJ yeni mövsümə gözlənilməz nəticələrlə başlayıb. Luis Enrikenin rəhbərlik etdiyi komanda ilk iki turda “Renn” və “Lill”lə eyni – 2:2 hesablı heç-heçə edib. Safonov hər iki matçda əsas heyətdə yer alsa da, ümumilikdə 4 qol buraxıb.

“Monako”da isə vəziyyət fərqlidir. Komanda ilk iki turda qol buraxmadan qələbə qazanan yeganə kollektivdir. Monakolular səfərdə “Havr”ı 1:0, evdə isə “Marsel”i 2:0 hesabı ilə məğlub edərək turnir cədvəlinə başçılıq edir. Aleksandr Qolovin də mövsümə yaxşı başlayıb. O, “Marsel”lə matçda əsas heyətdə meydana çıxıb və komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

İki futbolçunun duelini maraqlı edən digər məqam onların əvvəlki çempionat qarşılaşmasıdır. Bu ilin martında “Monako” səfərdə PSJ-ni 3:1 hesabı ilə məğlub edərkən, ikinci hissədə meydana çıxan Qolovin Safonovu məyus edib.

Bu gün “Park de Prens”də keçiriləcək qarşılaşmada PSJ ardıcıl iki heç-heçədən sonra ilk qələbəsini qazanmağa, Safonov isə Qolovindən revanş almağa çalışacaq.

İdman.Biz