İngiltərə Premyer Liqası klubları transferlərə rekord məbləğ xərcləyib

2 Sentyabr 2026 07:34
69
İngiltərə Premyer Liqası klubları transferlərə rekord məbləğ xərcləyib

İngiltərə Premyer Liqasında oynayan klublar yay transfer pəncərəsində bütün zamanların rekordunu yeniləyib.

İdman.Biz BBS Sport-a istinadən xəbər verir ki, çempionatın iştirakçıları bu yay futbolçuların transferinə ümumilikdə 3,198 milyard funt-sterlinq sərf ediblər. Bununla da ötən ilin 3,14 milyard funt-sterlinqlik göstəricisi geridə qalıb. Sonuncu transfer günündə "Everton"un İliman Ndiayeni ilkin olaraq 60 milyon funt-sterlinqə "Mançester Siti"yə satması ümumi məbləğin yeni rekorda çatmasına səbəb olub.

Beş il əvvəl isə Premyer Liqa klublarının yay transferlərinə xərclədiyi məbləğ 1,13 milyard funt-sterlinq təşkil edib.

Bu yay futbol tarixinin ən bahalı 11 transferindən dördü reallaşıb. Onlardan üçü Premyer Liqa klublarının iştirakı ilə baş tutub. "Çelsi" "Aston Villa"dan Morqan Rocersi 117 milyon, "Mançester Siti" isə "Nottingem Forest"dən Elliot Andersonu 116 milyon funt-sterlinqə transfer edib. Hər iki keçid britaniyalı futbolçular üçün rekord sayılır.

"Liverpul" isə PSJ və Fransa millisinin hücumçusu Bredli Barkolanın transferinə ilkin olaraq 106 milyon funt-sterlinq ödəyib. Müxtəlif bonuslarla bu məbləğ 123 milyon funt-sterlinqə qədər yüksələ bilər.

Premyer Liqa klublarının bu yay həyata keçirdiyi digər böyük transferlər arasında Sandro Tonalinin "Tottenhem"ə 100 milyon funt-sterlinqə qədər, Mateus Fernandeşin eyni kluba 85 milyon, Savionun isə 75 milyon funt-sterlinqə transferi də var.

"Mançester Siti" "Lill"dən Ayub Buaddini 85,6 milyon funt-sterlinqə, "Arsenal" isə "Nyukasl"dan Bruno Gimaraeşi 75 milyon funt-sterlinqə heyətinə qatıb. "Mançester Yunayted"in "Brayton"dan Karlos Balebanı transferi isə 70 milyon funt-sterlinqə başa gəlib.

Beləliklə, bu yay ən bahalı 20 transferin yalnız altısı Premyer Liqadan kənar klublara reallaşıb. Hətta yüksək liqaya yeni yüksələn "İpsviç" də transfer xərclərinə görə "Barselona", "Milan", "Yuventus" və son Avropa çempionu PSJ-ni geridə qoyub.

Premyer Liqa klubları arasında transferlər də əvvəlki illə müqayisədə artıb. Bu yay ödənişli keçidlərin 38 faizi İngiltərənin yüksək liqasında mübarizə aparan komandalar arasında baş tutub. Ötən il bu göstərici 30 faiz olub.

Aşağı liqalardan futbolçu transferləri də nəzərə alındıqda Premyer Liqa klublarının daxili bazardakı keçidlərinin payı 48 faizə çatır.

İdman.Biz