Argentinada faciə: 18 yaşlı futbolçu başına top dəydikdən sonra həyatını itirdi

17 Noyabr 2026 00:13
32
Argentinada faciə: 18 yaşlı futbolçu başına top dəydikdən sonra həyatını itirdi

Argentina futbolunda faciəli hadisə baş verib. “Eseyza” klubunun 18 yaşlı futbolçusu Abel Nunyes oyun zamanı başına top dəyməsi nəticəsində aldığı ağır zədədən sonra vəfat edib.

İdman.Biz Argentinanın “TyC Sports” nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 12-də “Eseyza” və “Deportivo Munyes” komandaları arasında keçirilən gənclər turnirinin oyununda baş verib.

Argentina Futbol Assosiasiyasının təşkil etdiyi yarışın beşinci divizionunda çıxış edən futbolçu rəqib oyunçunun topu uzaqlaşdırmaq istəyərkən etdiyi güclü zərbədən sonra başından ağır xəsarət alıb.

Topun birbaşa başına dəyməsi nəticəsində Nunyes huşunu itirərək yerə yıxılıb. Meydanda ona ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya çatdırılıb. Hadisədən sonra qarşılaşma dayandırılıb, ardınca keçirilməsi nəzərdə tutulan digər gənclər oyunu da ləğv edilib.

Həkimlər futbolçunu əməliyyat etsələr də, onun vəziyyətində müsbət dəyişiklik olmayıb. Nunyes noyabrın 15-də xəstəxanada həyatını itirib.

Hadisənin şahidi olan argentinalı jurnalist Kristian Rompani topun futbolçuya qeyri-adi dərəcədə güclü dəydiyini bildirib. Onun sözlərinə görə, rəqib müdafiəçinin uzaqlaşdırdığı top havaya qalxmayıb və təxminən dörd-beş metr məsafədən Nunyesin başına çırpılıb. Zərbədən sonra gənc futbolçu dərhal huşunu itirib.

“Eseyza” klubu futbolçunun vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb. Klubun açıqlamasında Nunyesin arzuları və gələcək planları olan gənc futbolçu olduğu vurğulanıb, ailəsinə, dostlarına və komanda yoldaşlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü Abel Nunyes “Eseyza”nın gənclər komandasında 10 nömrəli forma ilə çıxış edib. O, eyni zamanda “Nueva Estrella” klubunun futzal üzrə ehtiyat komandasında da oynayıb. Bu klub futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq bazar gününə planlaşdırılan idman fəaliyyətlərini dayandırıb.

İdman.Biz