İnfantinoya ciddi rəqib: UEFA FIFA prezidentliyinə namizədini müəyyənləşdirdi

16 Noyabr 2026 23:42
27
İnfantinoya ciddi rəqib: UEFA FIFA prezidentliyinə namizədini müəyyənləşdirdi

UEFA FIFA prezidentliyi uğrunda mübarizədə hazırkı rəhbər Canni İnfantinoya qarşı dəstəkləyəcəyi namizədi müəyyənləşdirib.

İdman.Biz UEFA-nın rəsmi açıqlamasına istinadən xəbər verir ki, Avropa futbol qurumunun prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən iclasda Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallonun namizədliyi yekdilliklə dəstəklənib.

UEFA İcraiyyə Komitəsində və FIFA Şurasında təmsil olunan Avropa milli assosiasiyalarının nümayəndələri Dialloya 2027-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak etməyi təklif ediblər. Fransalı funksioner təklifi qəbul edib.

Onun namizədliyinin noyabrın 17-də Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi tərəfindən rəsmən təsdiqlənməsi gözlənilir.

UEFA açıqlamasında FIFA-nın hazırkı fəaliyyət istiqaməti ilə bağlı ciddi narahatlıqların olduğunu bildirib. Avropa assosiasiyaları dünya futbolunda birliyin və etimadın bərpasına, idarəetmədə yüksək standartların tətbiqinə və futbolun bütün regionlarda inkişafına çağırıblar.

Filipp Diallo əvvəllər Fransanın peşəkar futbol klublarını təmsil edən təşkilata rəhbərlik edib, ölkənin peşəkar futbol liqasının idarə heyətində və FIFA-nın mübahisələrin həlli strukturlarında çalışıb. O, 2023-cü ildən Fransa Futbol Federasiyasının prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvüdür.

Qeyd edək ki, FIFA prezidentinin seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. 2016-cı ildən təşkilata rəhbərlik edən Canni İnfantino da növbəti müddətə namizədliyini irəli sürmək niyyətindədir.

İdman.Biz