“Trabzonspor” Fatih Tekkeni istefaya göndərdi

1 Sentyabr 2026 19:38
71
“Trabzonspor” Fatih Tekkeni istefaya göndərdi

“Trabzonspor” futbol klubu komandanın baş məşqçisi Fatih Tekke ilə yollarını ayırdığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, klubun vitse-prezidenti Serkan Kılıç və 48 yaşlı mütəxəssis arasında keçirilən görüşdən sonra belə bir qərar verilib.

Fatih Tekke daha əvvəl UEFA Avropa Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (0:4) məğlubiyyətdən sonra istefa vermək qərarına gəlmişdi. Lakin klub rəhbərliyi onun istefasını qəbul etməyib və mütəxəssislə əməkdaşlığı davam etdirib.

Bu dəfə isə Türkiyə Superliqasının üçüncü turunda “Amedspor”a 1:2 hesablı məğlubiyyətdən sonra tərəflər yolları ayırmaq qərarına gəliblər.

48 yaşlı mütəxəssis 11 mart 2025-ci ildə 4,5 illik müqavilə ilə təyin olunduğu Karadeniz təmsilçisində 539 gün çalışıb. Onun rəhbərliyi altında komanda 48 Super Liqa matçında 26 qələbə, 14 heç-heçə və 8 məğlubiyyətlə üzləşib. Trabzon təmsilçisi bu görüşlərdə orta hesabla hər oyuna 1,91 xal toplayıb.

Fatih Tekke 2024/25 mövsümündə “Trabzonspor”la çempionatda 11 oyuna çıxıb. Komanda bu görüşlərdə 5 qələbə, 4 heç-heçə və 2 məğlubiyyət əldə edərək mövsümü 51 xalla 7-ci pillədə başa vurub.

Ötən mövsüm isə “Trabzonspor” 34 turda 20 qələbə, 9 heç-heçə və 5 məğlubiyyətlə 69 xal toplayaraq üçüncü olub. Komanda “Qalatasaray”dan 8, “Fənərbağça”dan isə 5 xal geri qalıb və Avropa kuboklarına vəsiqə qazanıb.

Bu mövsüm “Trabzonspor” Super Liqada Tekkenin rəhbərliyi altında 3 oyunda 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib.

Fatih Tekke “Trabzonspor”la bir kubok da qazanıb. Komanda ötən mövsüm Türkiyə Kubokunun finalında “Konyaspor”u 2:1 hesabı ilə məğlub edərək 5 illik titul həsrətinə son qoyub.

Fatih Tekke “Trabzonspor”da ilk baş məşqçilik təcrübəsini yaşayırdı.

İdman.Biz