“Real”ın baş məşqçisi: “Deyirdilər ki, Mourinyo bunu istəmir, onu istəmir”

30 Avqust 2026 22:55
95
“Real”ın baş  məşqçisi: “Deyirdilər ki, Mourinyo bunu istəmir, onu istəmir”

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo La Liqanın üçüncü turunda “Malaqa” futbol komandası üzərində 4:0 hesablı qələbədən sonra komandanın heyəti ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis yüksək səviyyəli futbolçuların bir-biri ilə uyğunlaşmasının mümkün olduğunu və ən yaxşı oyunçularla işləmək istədiyini vurğulayıb.

“Deyirdilər ki, Mourinyo bunu istəmir, onu istəmir... Mən həmişə ən yaxşıları istəyirəm. Əgər aralarında empatiya və əməkdaşlıq varsa, heç bir problem görmürəm. Onlar çox yaxşı futbolçulardır”, – deyə Mourinyo bildirib.

Baş məşqçi Cud Bellinqemin oyununu da xüsusi qeyd edib. Onun sözlərinə görə, ingiltərəli yarımmüdafiəçinin əvvəlki kimi müdafiədə həddindən artıq geriyə çəkilməsini istəmir:

“Onunla razılaşmışıq ki, müdafiə olunarkən ikinci sol cinah müdafiəçisi kimi oynamasın. Mən bunu əvvəllər çox görmüşəm. “Benfika” ilə ötən mövsüm bu vəziyyətdən istifadə etmişdik. İndi komandamızı başqa cür qurmuşuq. O, nə etməli olduğunu bilir və özünü rahat hiss edir”.

Mourinyo Bellinqemin “Qızıl top” uğrunda mübarizə apara biləcək futbolçulardan biri olduğunu da vurğulayıb:

“Madrid”də “Qızıl top”u qazana biləcək birdən çox futbolçunun olduğunu demişdim. Cud da onların arasındadır. Mbappe dünya çempionatında tarix yazıb, amma Cud yarımmüdafiədə inanılmazdır”.

Mourinyo eyni zamanda mövsüm ərzində uğursuz dövrün qaçılmaz olacağını bildirib:

“Problem gələcək, məğlubiyyət də olacaq. Zədələr, mənfi nəticələr və tənqidlər olacaq. Əsas məsələ balansı qorumaq və bunun bütün mövsümə təsir etməsinə imkan verməməkdir. Belə məqamlarda komanda birlik nümayiş etdirməlidir”.

İdman.Biz