“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duranın çıxış etdiyi “Seltik” Şotlandiya Kubokunda növbəti ev oyununu azarkeşsiz keçirəcək.
İdman.Biz “The Scottish Sun”a istinadən xəbər verir ki, buna səbəb ötən mövsüm turnirin 1/4 final mərhələsində “Aybroks” stadionunda keçirilən “Reyncers” – “Seltik” matçından sonra baş verən insident olub.
Həmin görüşdə “Seltik” penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib. Qarşılaşmadan sonra hər iki komandanın azarkeşləri meydana daxil olub, burada toqquşmalar baş verib. Bundan əlavə, fanatlar pirotexniki vasitələrdən də istifadə ediblər.
Şotlandiya Futbol Assosiasiyasının qərarına əsasən, “Seltik” və “Reyncers” Şotlandiya Kubokunda növbəti ev oyunlarını azarkeşsiz keçirəcəklər. Hər iki klub həmçinin bilet satışından əldə olunmayan gəlirə görə rəqib komandaya 117 min avro təzminat ödəməlidir.
Klublara daha bir ev oyunu azarkeşsiz keçirmək şərti ilə şərti cəza da verilib. Bu cəza 2027/28 mövsümünün sonunadək azarkeşlərin ciddi qayda pozuntusuna yol verməsi halında qüvvəyə minəcək.
Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu Kamilo Duran daha əvvəl “Qarabağ”ın formasını geyinib. Hazırda “Seltik”də çıxış edən futbolçu bu mövsüm Şotlandiya klubunun heyətində artıq fərqlənməyi də bacarıb.
