Türkiyənin “Trabzonspor” futbol komandasının baş məşqçisi Fatih Tekke istefa verib.
İdman.Biz xəbər verir ki, 48 yaşlı mütəxəssis bu qərarı UEFA Avropa Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la cavab oyunundan sonra açıqlayıb.
Oyundan sonra açıqlama verən Fatih Tekke istefa qərarını belə izah edib:
“Çox üzücü bir gecə keçirdik. Təbii ki, səbəbkar mən və komandamıq. Həm ölkəmiz, həm də camiəmiz üçün üzücü gecə oldu. 18 aydır gecə-gündüz komandamla birlikdə daha yaxşı nə edə biləcəyimizi düşünürük. Komanda daha da yaxşı olacaq, buna əminəm. Amma çox uzatmayacağam. Hazırda 18 aylıq vəzifəmdən istefa edirəm”.
Tekke məğlubiyyəti öz üzərinə götürdüyünü bildirib:
“Bəzi oyunlar var ki, insanı çox yaralayır. Bu da onlardan biri idi. Futbolçularıma həmişə demişəm ki, məğlubiyyətlər mənim, qələbələr isə onların adına yazılır. Bu günkü məğlubiyyət qəbul edilə bilən deyil. Bu məğlubiyyəti kimsə öz üzərinə götürməli idi, mən götürürəm”.
Baş məşqçi istefa qərarını klub rəhbərliyinə əvvəlcədən bildirmədiyini də açıqlayıb. O, qərarını ilk dəfə televiziyada elan etdiyini söyləyib:
“İstefam barədə rəhbərliyə deməmişəm. İlk dəfə televiziyada deyirəm. Heç kimin xəbəri yoxdur. Bəzən belə olur. Bu məğlubiyyəti qəbul edə bilmirəm və belə yata bilmərəm”.
Fatih Tekke “Trabzonspor”un gələcəyinə inandığını və klubun qarşısının açıq olduğunu vurğulayıb:
“Çox güclü heyətimiz var. “Trabzonspor”un bir addım da irəli getməsinə imkan verəcək komanda qurulub. Klubun qarşısı açıqdır. Ümidim çoxdur. Rəhbərliyə, prezidentimizə və bizi sevən hər kəsə təşəkkür edirəm”.
Macarıstanda keçirilən qarşılaşmada “Trabzonspor” 0:4 hesabı ilə məğlub olub. İlk görüşdə də 0:1 hesabı ilə uduzan Türkiyə klubu iki oyunun nəticəsinə görə 0:5 hesabı ilə geridə qalaraq Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazana bilməyib. Komanda mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.
Qeyd edək ki, Fatih Tekke 11 mart 2025-ci ildə “Trabzonspor”un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 61 rəsmi oyunda 35 qələbə qazanıb, 14 heç-heçə edib və 12 dəfə məğlub olub. Mütəxəssis 2025/26 mövsümündə “Trabzonspor”la Türkiyə Kubokunu qazanıb.
