UEFA Konfrans Liqasının pley-off mərhələsində “Rapid” (Vyana) ilə Şotlandiyanın “Harts” klubu arasında cavab oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk oyunda da 1:1 hesablı heç-heçə qeydə alındığından qalib penaltilər seriyasında müəyyənləşib.
11 metrlik zərbələrdə “Harts” 4:3 hesabı ilə qalib gəlib və Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Beləliklə, “Rapid” turnirdə mübarizəni dayandırıb.
Görüşdə Azərbaycan hakimlər briqadası da iş başında olub. FIFA referisi Elçin Mənsimov qarşılaşmanın baş hakimi olub. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edib, Farid Hacıyev isə dördüncü hakim funksiyasını yerinə yetirib.
Gərgin keçən matçda Mənsimov ümumilikdə 8 sarı vərəqə göstərib və “Harts”ın bir futbolçusunu meydandan qovub.
Qeyd edək ki, bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” da “Tvente” ilə cavab oyununa çıxacaq. Ağdam təmsilçisi ilk görüşdə Niderlandda 1:0 hesablı qələbə qazanıb.
