“Barselona” futbol klubunun prezidenti Joan Laporta “Atletiko”nun hücumçusu Xulian Alvarezlə bağlı transfer vəziyyətini şərh edib.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Joan Laporta hələ də Alvarezlə bağlı təklifinin qüvvədə olduğunu deyib:
“Qoy “Atletiko” bunu bilsin: əgər onlar bu yay transfer pəncərəsində futbolçunu satmağa hazırdırlarsa, biz də onu almağa hazırıq. Bunun üçün etdiyimiz təkliflə bağlı razılığa gəlməliyik.
Biz Xulian Alvarezlə hələ də çox maraqlanırıq. İstərdik ki, onlar təklifimizi qəbul etsinlər və biz buna “Atletiko”ya maksimum hörmətlə yanaşırıq. Qarşılıqlı anlaşmaya gəlmək istəyirik.
“Atletiko”ya və onun rəhbərliyinə böyük hörmətlə yanaşırıq. Bir-birimizi uzun illərdir tanıyırıq. Hər şeyin necə baş verdiyini izah etmək istəyirəm. Klub olaraq başqa bir kluba təklif etdik. Bu təklifi şəxsən “Atletiko”nun baş direktoru Migel Anxel Xil ilə telefon danışığında təsdiqlədim. Onlar bildirdilər ki, Xulianı satmaq niyyətində deyillər, çünki onun alternativi yoxdur. Mən də cavab verdim ki, futbolçu ilə maraqlanırıq, lakin onların satmaq istəməməsinə hörmət edirik. Amma əgər bazarda onun üçün alternativ tapsalar, biz bu transferi həyata keçirməkdə marağımızı saxlayırıq.
Deku ilə düşündük ki, onlar futbolçunu satmırlarsa, bu məsələni müvəqqəti dayandıraq. Bəs sonra nə baş verdi? Bizə məlumat çatdı ki, “Atletiko” futbolçu ilə bağlı digər klublarla danışıqlar aparır. Biz öz təklifimizlə bağlı əlaqəni saxlayırıq, çünki hamıya məlumdur ki, futbolçu “Barselona”ya keçmək istəyir. Bu vəziyyət çox səs-küyə səbəb oldu və buna “Barselona”nın hərəkətləri səbəb olmayıb.
Biz “Atletiko”nun prezidenti Enrike Sereso ilə danışdıq, daha sonra o, açıqlama verdi. Mən ona böyük hörmət bəsləyirəm və demək istəyirəm ki, “Barselona” yaranmış vəziyyətə uyğun davrandı. Biz digər klublarla necə davranırıqsa, burada da eyni şəkildə hərəkət etdik. Prosesdə iştirakımız davam edir və təklifimiz qüvvədədir. “Atletiko” futbolçunu satmaq istəsə, bu təklif keçərli olacaq.
Görünür, futbolçu “Barselona”ya keçmək istəyir. Buna görə də “Atletiko”ya bütün hörmətimizlə, futbolçunu transfer etmək ümidimizi və niyyətimizi qoruyuruq.
Təklifimizi qüvvədə saxlayırıq və ümid edirəm ki, iki klub arasında anlaşma əldə olunacaq”.
Qeyd edək ki, “Barselona” 26 yaşlı argentinalı futbolçu üçün 100 milyon avro təklif edib. “Atletiko”nun isə Alvarezlə yollarını yalnız komissiyalar nəzərə alınmadan 150 milyon avroluq təklif qarşılığında ayırmağa hazır olduğu bildirilib. Həmçinin “Arsenal”ın da argentinalı futbolçu ilə maraqlandığı barədə məlumat yayılıb.
