“Real”ın baş məşqçisi Joze Mourinyo La Liqanın ikinci turunda “Espanyol” üzərində qazanılan 2:1 hesablı səfər qələbəsindən sonra braziliyalı futbolçunu müdafiə edib.
İdman.Biz xəbər verir ki, Mourinyo Vinisiusun davranışlarının həmişə nümunəvi olmadığını qəbul etsə də, ona qarşı münasibətin artıq həddi aşdığını deyib.
“Əvvəllər Vininin rəqibi olduğum vaxt dediklərimi xatırlada bilərsiniz. Amma indi Vini mənim futbolçumdur. O, müqəddəs deyil, lakin ona edilənlər həddindən artıqdır”, - deyə Mourinyo bildirib.
“Real”ın çalışdırıcısının sözlərinə görə, rəqiblərin braziliyalıya qarşı davranışında təkrarlanan bir tendensiya var:
“Birinci dəqiqədən bu başlayır. Sanki əvvəlcədən müəyyən edilmiş qayda var: əvvəl biri ona qarşı sərt oynayır, sonra digəri. Bir futbolçu sarı vərəqə alırsa, növbəti davam edir. Əvəzlənəndə isə meydana yeni oyunçu daxil olur və eyni şeyi edir. Bu, Vini üçün böyük məyusluq yaradır və o, emosiyalarını çox yaxşı idarə etməlidir”.
Mourinyo Vinisiusa qol vuracağı halda sevincini necə qeyd etməsinə də diqqət yetirməyi tapşırdığını söyləyib.
“Biz cəmiyyətdə anti-bullinq dövründə yaşayırıq, amma Viniyə münasibətdə hələ də bullinq davam edir. Bu həm rəqiblərdən, həm də tribunalardan gəlir. Onu buna maksimum dərəcədə hazırlamalıyıq”, – deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, “Real” səfərdə “Espanyol”u 2:1 hesabı ilə məğlub edib. Madrid təmsilçisinin qollarını Cud Bellingem və 90-cı dəqiqədə qələbə topunu vuran Karlos Espi vurublar.
