“Qarabağ”ın rəqibi: “Sabah meydanda real güc nisbətini görəcəyik

19 Avqust 2026 18:59
93
“Qarabağ”ın rəqibi: “Sabah meydanda real güc nisbətini görəcəyik

Niderlandın “Tvente” klubunun futbolçusu Ramiz Zerrouki “Qarabağ”ın təcrübəli və futbol oynamağa üstünlük verən komanda olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

“Bu oyun komandamızda böyük maraq doğurur. Bunun üçün uzun müddət çalışmışıq və indi nəticə göstərmək vaxtıdır. Qarşıda iki oyun var, amma ümid edirik ki, sabah artıq çox vacib addım ata biləcəyik”, - deyə Zerrouki söyləyib.

Zerrouki “Qarabağ” barədə də danışıb:

“Qarabağ” təcrübəli komandadır. Onlar futbol oynamağı sevir və vəziyyətlərdə futbol vasitəsilə həll yolu axtarırlar. Sabah meydanda komandalar arasındakı real güc nisbətini görəcəyik”.

Futbolçu Avropa Liqasına vəsiqə qazana bilməmələrinin məyusluq yaratdığını da qeyd edib:

“Avropa Liqasına düşə bilməmək məyusedici idi. “Ferentsvaroş”la ev oyununda yaxşı anlarımız oldu, səfərdə isə öz səviyyəmizi göstərə bilmədik. Bundan sonra diqqətimizi Konfrans Liqasına yönəltməli idik. İndi buradayıq və “Qarabağ”la oyuna hazırıq”.

İdman.Biz