İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hansi Flik komandanın son məşqində üç futbolçunu alışmadıqları mövqelərdə yoxlayıb.
İdman.Biz xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, almaniyalı mütəxəssis Joan Qamper Kubokunda Misirin “Əl-Əhli” klubu ilə oyun ərəfəsində Jül Kunde, Rafinya və Brian Farinyasla bağlı fərqli taktiki variantları sınaqdan keçirib.
Ronald Arauxonun gedişindən sonra Kunde yenidən özünün əsas mövqeyi olan mərkəz müdafiəçisi kimi istifadə olunub. Bu halda Erik Qarsiya sağ cinah müdafiəsində əsas namizəd kimi nəzərdən keçirilir.
“Barselona Atletik”də indiyədək cinah müdafiəçisi kimi çıxış etməyən Brian Farinyas isə məşqdə sağ cinah müdafiəçisi mövqeyində Kunde ilə yanaşı sınanıb. Gənc futbolçu mövsümöncəsi hazırlıqda Flikin diqqətini çəkən akademiya üzvlərindən biridir.
Hücum xəttində də dəyişiklik edilib. Flik Rafinyanı yenidən mərkəz hücumçusu - “9 nömrə” mövqeyində yoxlayıb. Braziliyalı futbolçu Entoni Qordonla birlikdə alternativ hücum variantı kimi sınaqdan keçirilib. Rafinya bundan əvvəl “Bazel”lə yoxlama görüşündə də hücumun mərkəzində istifadə olunub.
Bu taktiki sınaqlar Flikin həm “Əl-Əhli” ilə Joan Qamper Kuboku görüşündə, həm də “Elçe”yə qarşı La Liqanın ilk turunda istifadə edə biləcəyi heyətlə bağlı müəyyən ipucları verir. “Barselona”nın “Əl-Əhli” ilə qarşılaşması mövsümün başlaması öncəsi son sınaqlardan biridir.
