“Barselona” “Fənərbağça”nın qapıçısı üçün plan hazırladı

19 Avqust 2026 17:25
88
“Barselona” “Fənərbağça”nın qapıçısı üçün plan hazırladı

“Barselona” futbol klubu “Fənərbağça”nın xorvat qapıçısı Dominik Livakoviçi transfer etmək istəyir.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilib ki, kataloniya klubu 31 yaşlı qapıçını bu yay heyətinə qatmağı və dərhal başqa komandaya icarəyə göndərməyi planlaşdırır.

“Barselona”nın məqsədi Livakoviçi 2027-ci ildə geri qaytarmaqdır. Klub xorvat qapıçını gələcəkdə əsas qapıçı Joan Qarsiyaya ehtiyat oyunçu kimi görür.

Hazırda “Barselona”nın qapı xəttində Joan Qarsiya ilə yanaşı, Voyçex Şçensnı da yer alır. Polşalı qapıçının Kataloniya klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq. Bu səbəbdən “Barselona” Livakoviçi indidən transfer edib gələcək üçün heyətə hazırlamaq istəyir.

Hazırda bu keçidlə bağlı yekun razılaşma yoxdur və söhbət yalnız “Barselona”nın nəzərdən keçirdiyi plandan gedir.

Qeyd edək ki, Livakoviç 2023-cü ildən “Fənərbağça”nın futbolçusudur. Xorvatiya millisinin də üzvü olan qapıçı daha əvvəl “Dinamo Zaqreb”də çıxış edib.

İdman.Biz