İdman Arbitraj Məhkəməsi (CAS) bu gün Afrika Millətlər Kubokunun qalibi ilə bağlı yekun qərarını açıqlayacaq.
İdman.Biz xəbər verir ki, CAS noyabrın 23-də yaydığı rəsmi bəyanatda Seneqal Futbol Federasiyasının apellyasiya şikayəti üzrə qərarın noyabrın 24-də günortadan sonra elan ediləcəyini təsdiqləyib.
Mübahisə yanvarın 18-də Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun finalından qaynaqlanır.
Həlledici qarşılaşmada Seneqal meydan sahiblərini əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Pap Qeye vurub.
Lakin oyunun əsas vaxtının sonlarında hakim Mərakeşin xeyrinə penalti təyin etdikdən sonra Seneqal futbolçuları etiraz əlaməti olaraq meydanı tərk ediblər. Təxminən 14 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub. Mərakeş penaltidən yararlana bilməyib və Seneqal əlavə vaxtda qələbə qazanıb.
Martın 17-də Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi gözlənilməz qərar qəbul edib. Seneqalın meydanı tərk etməsi qayda pozuntusu kimi qiymətləndirilib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Nəticədə çempionluq Mərakeşə təqdim olunub.
Bu qərarla razılaşmayan Seneqal Futbol Federasiyası martın 25-də CAS-a müraciət edib. Tərəflərin arqumentləri oktyabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilən qapalı dinləmədə nəzərdən keçirilib.
Seneqal tərəfi görüşün hakimin qərarı ilə davam etdirildiyini və meydanda qazanılan nəticənin qüvvədə saxlanılmalı olduğunu müdafiə edir. Mərakeş isə CAF-ın qərarının dəyişdirilməməsini istəyir.
CAS-ın bugünkü qərarı Seneqalın çempionluğunun bərpa edilib-edilməyəcəyinə və ya Mərakeşin titulunu qoruyub saxlayacağına aydınlıq gətirəcək.
Qeyd edək ki, məhkəmə yekun qərar açıqlanana qədər işlə bağlı əlavə məlumat verilməyəcəyini bəyan edib.
