“Tvente”nin baş məşqçisi: “Qarabağ” topa sahib olmağa önəm verən komandadır”

19 Avqust 2026 18:34
105
“Tvente”nin baş məşqçisi: “Qarabağ” topa sahib olmağa önəm verən komandadır”

“Tvente” futbol komandasının baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşma ərəfəsində Azərbaycan təmsilçisinin güclü tərəflərini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl keçirilən mətbuat konfransında Ağdam təmsilçisi barədə danışıb.

Van den Brom “Qarabağ”ın daha yüksək səviyyəli avrokuboklarda da çıxış etdiyini xatırladaraq rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçulara malik olduğunu vurğulayıb.

“Rəqib Konfrans Liqasından daha yüksək səviyyədə də oynayıb. Bu da onların yaxşı kollektiv olmasından xəbər verir. “Qarabağ”ın fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Onlar topa sahib olmağa önəm verirlər. Düşünürəm ki, biz də mərhələ adlaya bilərik. İlk matçda maksimum nəticə qazanmaq üçün azarkeşlərin dəstəyi də vacibdir”.

“Tvente” - “Qarabağ” qarşılaşması avqustun 20-də Enşededəki “De Qrolş Veste” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab görüşü avqustun 27-də Bakıda baş tutacaq. İki oyunun qalibi UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.

İdman.Biz