Arteta Alvaresi fikrindən döndərmək üçün şəxsən zəng edib

19 Avqust 2026 03:15
98
Arteta Alvaresi fikrindən döndərmək üçün şəxsən zəng edib

İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta “Atletiko”nun hücumçusu Xulian Alvaresin transferi üçün şəxsən hərəkətə keçib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis argentinalı futbolçuya telefonla zəng edərək onu “Barselona” əvəzinə “Arsenal”ı seçməyə razı salmağa çalışıb. Lakin Alvares növbəti klubunun məhz Kataloniya təmsilçisi olmasını istədiyini bir daha bildirib.

“Barselona” bu ilin əvvəlində 26 yaşlı hücumçu üçün 100 milyon avroluq (təxminən 196,72 milyon AZN) ilkin təklif göndərib. “Atletiko” isə bu təklifi qəbul etməyib. Madrid klubunun La Liqadakı rəqibini gücləndirmək istəmədiyi və Alvaresi “Barselona”ya satmağa qarşı olduğu bildirilir.

İspaniya mətbuatının məlumatına görə, “Atletiko” futbolçunu satmaq məcburiyyətində qalacağı halda onun üçün 150 milyon avroya (təxminən 295 milyon AZN) qədər məbləğ tələb edə bilər. Klubun Alvaresi Premyer Liqaya yönləndirməyə çalışdığı, “Arsenal” variantına isə “Barselona” ilə müqayisədə daha müsbət yanaşdığı vurğulanır.

London təmsilçisinin transferi reallaşdırmaq üçün Viktor Gökereşi də sövdələşməyə daxil etməyə hazır olduğu bildirilir. İsveçli hücumçu “Arsenal”dakı ilk mövsümünü 21 qolla başa vurub. Daha əvvəl İspaniya mətbuatı “Arsenal”ın Alvares üçün pul və Gökereşdən ibarət paket hazırladığını yazıb.

Arteta bununla kifayətlənmək niyyətində deyil. “Arsenal”ın hücum xəttini gücləndirmək üçün Viktor Osimhen variantını da nəzərdən keçirdiyi bildirilir. Nigeriyalı forvard hazırda “Qalatasaray”ın formasını geyinir.

Alvares isə bütün transfer cəhdlərinə baxmayaraq, karyerasını “Barselona”da davam etdirmək istəyir. “Atletiko” rəhbərliyi futbolçunun satılmadığını bəyan etsə də, onun gələcəyi yay transfer pəncərəsinin əsas mövzularından biri olaraq qalır.

İdman.Biz