Roberto Karlosun İslamı qəbul etdiyi bildirilir

19 Avqust 2026 02:52
92
Roberto Karlosun İslamı qəbul etdiyi bildirilir

Braziliya millisinin və “Real Madrid”in sabiq futbolçusu Roberto Karlosun İslam dinini qəbul etdiyi barədə məlumat yayılıb.

İdman.Biz “Daily Sabah”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Ali Şahin Braziliyada müsəlman icmasının nümayəndələri ilə görüşündən sonra açıqlayıb.

Şahin bildirib ki, bu barədə ona Braziliyanın müsəlman icmasının tanınmış simalarından olan Şeyx Cihad Həmmadə məlumat verib.

Onun sözlərinə görə, Roberto Karlos bir müddətdir Həmmadə ilə əlaqədə olub və təxminən dörd həftə əvvəl onun yanına gələrək kəlmeyi-şəhadət gətirib. Ali Şahin bundan sonra sabiq futbolçunu təbrik edib, ona və ailəsinə sülh, sağlamlıq və rifah arzulayıb.

Məlumat San-Pauluda Braziliya İslam Xeyriyyəçi Gənclər Birliyində keçirilən görüşdən sonra ictimailəşib. Görüşdə Braziliyadakı bir sıra müsəlman təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Roberto Karlos özü İslam dinini qəbul etməsi barədə hələ ictimai açıqlama verməyib.

53 yaşlı Roberto Karlos futbol tarixinin ən məşhur cinah müdafiəçilərindən biri hesab olunur. O, karyerasının böyük hissəsini “Real Madrid”də keçirib.

İdman.Biz