İsrailin “Hapoel Beer-Şeva” futbol klubunun baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la ilk oyun öncəsi rəqibi yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, israilli mütəxəssis Azərbaycan təmsilçisinin oyunlarını videoyazılardan izlədiyini və “Sabah”ın sürətli, keyfiyyətli komanda təsiri bağışladığını bildirib.
“Qarşıdakı pley-off oyunu həm mənim üçün, həm də klubumuz üçün çox vacibdir. “Sabah” bizim üçün yeni rəqibdir və bu qarşılaşmaya digər oyunlar kimi ciddi hazırlaşırıq. Onların matçlarını izlədikdən sonra gördüm ki, çox keyfiyyətli və sürətli komandadırlar. İti ötürmələr və standart vəziyyətlər hesabına rəqibi yaxşı cəzalandıra bilirlər. Meydanda yaxşı təşkilatlanmış və hazırlıqlı kollektiv görürük”, - deyə baş məşqçi söyləyib.
“Hapoel”in kapitanı Migel Vitor da qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Müdafiəçi daha əvvəl iki dəfə bu mərhələdə çıxış etdiyini, lakin həmin vaxt məqsədə çatmadıqlarını xatırladıb.
Portuqaliyalı futbolçu bu dəfə həlledici addımı ata biləcəklərinə ümid etdiyini deyib. Onun sözlərinə görə, komanda yaratdığı qol imkanlarından maksimum istifadə etməyə və “Sabah”ın təhlükəli epizodlarını minimuma endirməyə çalışacaq.
Qeyd edək ki, “Hapoel Beer-Şeva” – “Sabah” matçı avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da Buxarestdə keçiriləcək.
