Matteus: “Qızıl top”a ən çox Keyn layiqdir”

19 Avqust 2026 01:25
88
Matteus: “Qızıl top”a ən çox Keyn layiqdir”

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus “Bavariya”nın hücumçusu Harri Keynin 2026-cı il “Qızıl top” mükafatına ən çox layiq olan futbolçu olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, 65 yaşlı mütəxəssis “Sky Sport Germany”dəki köşə yazısında seçim edərkən təkcə dünya çempionatını deyil, bütün ili nəzərə aldığını vurğulayıb.

Matteusun fikrincə, Lionel Messinin MLS-də “İnter Mayami” ilə qazandığı uğur Avropadakı nəticələrlə eyni səviyyədə qiymətləndirilə bilməz. O, Kilian Mbappenin Fransa millisi ilə dünya çempionatının yarımfinalına yüksəlməsinə baxmayaraq, “Real”la titul qazana bilməməsini də qeyd edib.

Almaniyalı futbol veteranı Lamin Yamalın da həm “Barselona”, həm də milli komandadakı nəticələrinə toxunaraq onun komanda yoldaşlarından açıq şəkildə fərqlənmədiyini düşünür.

Matteus Harri Keynin “Bavariya” ilə iki daxili titul qazandığını və il ərzində yüksək səviyyəsini qoruduğunu xüsusi vurğulayıb.

“Keynin yeganə çatışmazlığı dünya çempionatı və Çempionlar Liqasının finalına çıxa bilməməsidir. Digər bütün məqamlarda onun oyunu möhtəşəm idi. Mənim fikrimcə, “Qızıl top”a ən çox layiq olan futbolçu Keyndir”, – deyə Matteus bildirib.

Qeyd edək ki, Matteus daha əvvəl də Harri Keyni dünyanın ən yaxşı hücumçularından biri adlandıraraq onun 2026-cı ildə “Qızıl top” uğrunda ciddi mübarizə aparacağını bildirmişdi.

İdman.Biz