“Çelsi” Enzo Fernandesin mümkün əvəzləyicisini Premyer Liqada tapdı

19 Avqust 2026 04:22
91
“Çelsi” Enzo Fernandesin mümkün əvəzləyicisini Premyer Liqada tapdı

İngiltərənin “Çelsi” futbol klubu Enzo Fernandesin mümkün gedişinə hazırlaşır.

İdman.Biz xəbər verir ki, London təmsilçisi argentinalı yarımmüdafiəçinin “Mançester Siti”yə transfer olunacağı halda “Bornmut”un futbolçusu Aleks Skottu onun əvəzləyicilərindən biri kimi nəzərdən keçirir. İngiltərə millisinin üzvü daha əvvəl də “Çelsi”nin transfer siyahısında olub.

“Mançester Siti”nin Enzo Fernandesə marağı davam edir. “Çelsi” daha əvvəl Premyer Liqa rəqibinə avqustun 14-ü saat 17:00-dək ciddi təklif göndərmək üçün vaxt versə də, Mançester klubu həmin müddətdə tələb olunan məbləği ödəməyib. Londonlular 25 yaşlı futbolçunu təxminən 120 milyon funt sterlinq (268 milyon AZN) dəyərində qiymətləndirirlər.

Müddətin başa çatmasına baxmayaraq, “Mançester Siti” argentinalı futbolçudan imtina etməyib və onun nümayəndələri ilə əlaqəni davam etdirir. Lakin bundan sonra mümkün transferin şərtlərini tam şəkildə “Çelsi” müəyyənləşdirəcək.

Aleks Skott üçün London klubu daha əvvəl də cəhd göstərib, lakin “Bornmut” 22 yaşlı yarımmüdafiəçini satmaq istəməyib. Enzo Fernandes komandadan ayrılarsa, “Çelsi”nin ingilis futbolçu ilə bağlı yenidən danışıqlara başlaması gözlənilir.

“Çelsi”də ayrılığı gündəmdə olan digər futbolçu isə Liam Delapdır. 23 yaşlı hücumçu London klubundakı ilk mövsümündən sonra baş məşqçi Xabi Alonsonun əsas planlarına daxil olmayıb. “Nyukasl”ın onun transferində maraqlı olduğu, Delapın da bu keçidə müsbət yanaşdığı bildirilir.

İngiltərəli forvard uğrunda “Everton” və “Nottingem Forest”in də mübarizə apardığı qeyd olunur. “Çelsi”nin Delap üçün 50 milyon funt sterlinqdən artıq məbləğ tələb etdiyi bildirilir.

İdman.Biz