Yeni Zelandiya Futbol Assosiasiyası (NZF) FIFA prezidenti Canni İnfantinonun qarşıdakı prezident seçkisində namizədliyini dəstəkləməmək qərarına gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib.
Assosiasiya həmçinin FIFA-nın dünya çempionatının media hüquqlarının bir hissəsini özəl investorlara satmaq planının müstəqil şəkildə araşdırılmasına çağırış edib.
NZF-in açıqlamasında qeyd olunub ki, FIFA-nın son qərarları beynəlxalq futbolda etimadın zəifləməsinə və parçalanmanın artmasına səbəb olub.
Qurum hesab edir ki, futbol idarəçiliyinə inamın bərpası üçün şəffaflıq, hesabatlılıq və idarəetmənin gücləndirilməsi, eləcə də müstəqil araşdırma aparılması vacibdir.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsində çalışır.
