İngiltərənin “Arsenal” futbol komandası mövsümöncəsi hazırlıq çərçivəsində Dortmund “Borussiya”sı ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Londondakı “Emirates” stadionunda keçirilən görüş Almaniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı yeddinci dəqiqədə “Borussiya”nın hücumçusu Samuele İnasion açıb. Konstantinos Karetsas 29-cu dəqiqədə fərqlənərək Dortmund klubunun üstünlüyünü iki topa çatdırıb.
“Arsenal” ikinci hissəyə daha fəal başlayıb. İtan Nvaneri 54-cü dəqiqədə fərqi minimuma endirib. Lakin cəmi dörd dəqiqə sonra Joan Qadu “Borussiya”nın üçüncü qolunu vurub.
London klubunun ikinci qoluna 69-cu dəqiqədə Viktor Dyökeres imza atıb. İsveçli hücumçu penalti zərbəsini dəqiq yerinə yetirib və yekun hesabı müəyyənləşdirib – 2:3.
“Arsenal” matçın sonlarında hesabı bərabərləşdirməyə yaxın olsa da, Qabriel Martinellinin vurduğu qol qeydə alınmayıb. Əsas oyundan sonra keçirilən penalti seriyasında isə London klubu 5:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu, “Arsenal”ın ardıcıl ikinci yoxlama məğlubiyyətidir. London təmsilçisi bundan əvvəl “Real Betis”ə 1:3 hesabı ilə uduzmuşdu.
