Qol vurdu, tunelə düşdü, qolu ləğv edildi və zədələndi - VİDEO

9 Avqust 2026 12:29
143
Qol vurdu, tunelə düşdü, qolu ləğv edildi və zədələndi - VİDEO

Braziliyanın “Koritiba” futbol komandasının müdafiəçisi Jasi ölkə çempionatında “Şapekoense” ilə qarşılaşmada qeyri-adi hadisənin iştirakçısı olub.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu matçın ilk hissəsində başla topu rəqib qapısından keçirib. Jasi qol sevincini qeyd etmək üçün reklam lövhəsinin üzərindən tullanarkən paltardəyişmə otağına aparan tunelə düşüb.

Futbolçu tibbi yardım aldıqdan sonra meydana qayıdıb. Lakin onun sevinci uzun çəkməyib. VAR yoxlamasından sonra ofsayd qeydə alınıb və qol ləğv edilib.

Jasi ilk hissəni meydanda başa vursa da, fasilədən sonra cəmi iki dəqiqə oynaya bilib. Ağrıları səbəbindən qarşılaşmanı davam etdirə bilməyən müdafiəçi əvəzlənib.

Beləliklə, Jasi bir epizod ərzində əvvəlcə qol vurub, sevinc zamanı tunelə düşüb, daha sonra qolunun ləğv edildiyini öyrənib və sonda zədə səbəbindən meydanı tərk edib.

Qeyd edək ki, Braziliya A Seriyasının 22-ci turunun “Koritiba” - “Şapekoense” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz