Andorra mətbuatı Azərbaycan futbol millisinin son nəticələrinə diqqət çəkərək yığmamızın altı oyundur məğlub olmadığını vurğulayıb.
İdman.Biz “Andorra Esportiu” nəşrinə istinadən xəbər verir ki, yerli media bu gün keçiriləcək yoldaşlıq görüşü ərəfəsində Ayxan Abbasovun komandasını çətin rəqib kimi xarakterizə edib.
Nəşr Azərbaycan millisinin UEFA Millətlər Liqasının D Liqasındakı qrupunu səkkiz xalla birinci pillədə başa vurduğunu xatırladıb. Yığmamız Litva və Lixtenşteynlə qarşılaşmalarda iki qələbə qazanıb, iki dəfə isə heç-heçə edib.
Andorra mətbuatı millimizin son altı qarşılaşmada məğlubiyyətlə üzləşmədiyini xüsusi qeyd edib. Azərbaycan yığması sonuncu dəfə iyun ayında Maltaya 0:2 hesabı ilə uduzub. Maraqlıdır ki, həmin Malta millisi Millətlər Liqasının cari mövsümündə Andorranı iki dəfə məğlub edib.
Yerli nəşrin qiymətləndirməsinə görə, Azərbaycan millisi Cəbəllütariqdən daha yüksək səviyyəli rəqibdir. Buna görə də bugünkü qarşılaşma Andorra yığmasının inkişafını və son oyunlardakı müsbət dinamikanı davam etdirmək bacarığını yoxlamaq üçün ciddi sınaq olacaq.
Qeyd edək ki, Koldo Alvaresin rəhbərlik etdiyi Andorra millisi noyabrın 13-də Cəbəllütariqi 2:0 hesabı ilə məğlub edərək 2022-ci ildən bəri rəsmi oyunlarda ilk qələbəsini qazanıb. Azərbaycanla yoldaşlıq görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
