“Yuventus”un müdafiəçisi Lloyd Kelli Çempionlar Liqasının pley-off mərhələsində Türkiyə komandasının 5:2 hesablı qələbəsi ilə başa çatan “Qalatasaray”la oyunundan sonra irqçi təhqirlərlə üzləşib.
İdman.Biz-in “Calcio e Finanza”ya istinadən məlumatına görə, Yamayka əsilli ingiltərəli sosial media hesabında “Zooparka qayıt” mesajı alıb.
Daha sonra Kelli sosial media hesabında azarkeşlərə müraciət edib: “Tənqid həyatın, eləcə də idmanın bir hissəsidir və mən bunu həmişə qəbul etmişəm: hər kəsin öz fikrini bildirmək hüququ var. Amma mən bunu qəbul etməyəcəyəm. Sözlərin və hərəkətlərin mənası və nəticələri var”.
Turin klubu həmçinin hadisəni pisləyən bəyanat yayıb.
“Qalatasaray” və “Yuventus” arasında ikinci oyun 25 fevralda Turindəki “Allianz” stadionunda keçiriləcək.
