Hindistan polisi Argentina və İnter Mayami komandalarının hücumçusu Lionel Messinin iştirak etdiyi tədbirin təşkilatçısını Kəlküttədəki stadionda baş verən iğtişaşlardan sonra həbs edib.
Bu barədə İdman.Biz Press Trust of India (PTI) agentliyinə istinadən xəbər verir.
Daha əvvəl 38 yaşlı argentinalı özünün 20 metrlik heykəlinin açılışı üçün Hindistana uçub. O, Kəlküttədəki “Solt Leyk” stadionuna baş çəksə də, tədbir başladıqdan 20 dəqiqə sonra meydanı tərk edib. Azarkeşlər Messinin qısa səfərindən narazı qalıblar və stadionda xaos yaradıblar.
“Təşkilatçının stadiondakı xaosa səbəb olan hər hansı bir qanun pozuntusuna yol verib-vermədiyini araşdırırıq. O, saxlanılıb və polis vəziyyəti nəzarət altına alıb”, - deyə Qərbi Benqaliya Polisinin rəisi Raciv Kumar bildirib.
Hindistan Futbol Federasiyası (AIFF) öz növbəsində bildirib ki, Kəlküttədə Messinin iştirak etdiyi tədbir ictimaiyyətlə əlaqələr agentliyi tərəfindən təşkil olunub və federasiyanın onun təşkilində heç bir iştirakı yoxdur.
Messi “İnter Mayami” komanda yoldaşları Luis Suares və Rodriqo De Pol ilə birlikdə Hindistana gəlib. Oyunçular daha sonra Haydarabad, Mumbay və Dehli şəhərlərinə də səfər edəcəklər.
