İsveç çempionatında “Göteborq” və “Vesteros” arasında keçirilən oyunun son dəqiqələri dramatik hadisələrlə yadda qalıb. Ev sahibi komanda 1:0 hesabı ilə qalib gəlsə də, qarşılaşmanın sonlarında baş verənlər matçın əsas müzakirə mövzusuna çevrilib.
İdman.Biz xəbər verir ki, İsveç çempionatının 23-cü turu çərçivəsində keçirilən görüşdə “Göteborq”un yeganə qolunu 10-cu dəqiqədə Nuh Tolf vurub. Oyunun böyük hissəsində hesab dəyişməsə də, əsas hadisələr əlavə olunmuş vaxtda yaşanıb.
90+6-cı dəqiqədə “Vesteros”un qapıçısı Elis Yager rəqib futbolçu Aleksandr Simmelhakla epizod zamanı qayda pozuntusuna yol verib. Baş hakim penalti təyin edib və qapıçıya qırmızı vərəqə göstərib. Beləliklə, qonaqlar həm azlıqda qalıb, həm də qapıçılarını itiriblər.
Əvəzetmə imkanlarından istifadə edən komanda qapıya sahə oyunçusu Frederik Nsabiyumvanı keçirib. Lakin “Göteborq”un futbolçusu Sam Larsson penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və topu qapıdan xeyli yuxarı göndərib.
Bununla belə, “Göteborq” üstünlüyünü qoruyaraq 1:0 hesablı qələbə qazanıb. Komanda bununla ardıcıl beşinci qələbəsini əldə edib.
