“Çelsi”nin keçmiş hücumçusu Pyer-Emerik Obameyanq 2022-ci ildə “Barselona”dan London klubuna keçməsinin böyük bir səhv olduğunu düşünür.
İdman.Biz bildirir ki, bu barədə futbolçu “Canal+”a verdiyi açıqlamada deyib.
“Ora (“Çelsi”yə) getmək böyük bir səhv idi. Bu, çox böyük bir səhv idi.
O vaxt “Barselona”da çətin bir dövr keçirirdim. Evimə basqın edildi və “Barselona” oyunçularından birini - məni və ya Memfis Depayı - satmalı idi və yeganə seçim “Çelsi” idi. Ona görə də dedim ki, “"Yaxşı, ailəmin xatirinə, hətta “Çelsi” olsa belə, gedərəm”...
Düşünürdüm ki, bəlkə də hər şey yaxşı olacaq, çünki Olivye Jiru “Arsenal”dan “Çelsi”yə keçmişdi və onun heç bir problemi yox idi, amma mənim üçün fərqli idi”, - Obameyanq bildirib.
Obameyanq 2022-ci ilin payızından 2023-cü ilin yayına qədər “Çelsi”də oynayıb. Bu müddət ərzində o, bütün yarışlarda 21 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.
