“İnter”in idman direktoru Neymarın transferi ilə bağlı yayılan xəbərləri təkzib edib

Xəbərlər
17 Oktyabr 2025 23:19
29
“İnter”in idman direktoru Neymarın transferi ilə bağlı yayılan xəbərləri təkzib edib

“İnter”in idman direktoru Pyero Auzilio braziliyalı hücumçu Neymarın onun klubuna keçə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

İdman.Biz xəbər verir ki, Auzilio eləcə də özünün “Əl-Hilal”a keçəcəyi ilə bağlı yayılan xəbərləri qətiyyətlə rədd edib.

“Neymar “İnter”ə keçəcək? Bəsdirin, bu cəfəngiyyatdır. Biz onunla danışmamışıq, heç kim ona heç nə təklif etməyib. Mən isə öz vəziyyətimdən razıyam, 2027-ci ilə qədər müqaviləm var. Əvvəllər mənə daha yaxşı variantlar təklif olunub, amma hələ də getməmişəm. Hər şeydən imtina etmək mümkündür”, - “Corriere dello Sport” Auziliodan sitat gətirib.

Hələlik Auzilio bütün diqqətini “İnter”in işlərinə, müqavilələri yeniləməyə, sonra isə yanvar transfer pəncərəsinə hazırlaşmağa yönəldib.

Neymar hazırda “Santos”un hücumçusudur. Son günlər onun A Seriyasına keçməyə hazırlaşdığı barədə xəbərlər yayılıb. Həmçinin jurnalist Fabrisio Romano bildirib ki, “İnter” və “Napoli” Neymarla maraqlanır.

33 yaşlı futbolçu Braziliya klubu ilə müqaviləsi dekabrın 31-də başa çatdıqdan sonra bu qış Avropaya qayıtmağı düşünür. Neymar Braziliya millisinin baş məşqçisi Karlo Ançelottini heyrətləndirməyə və DÇ-2026-dan əvvəl milli komandaya qayıtmağa da ümid edir.

Qeyd olunur ki, futbolçuya artıq ötən yay “Milan”a keçid təklif olunub.

İdman.Biz