London avtobusunun sürücüsü “Liverpul”un formasını geyindiyi üçün işdən qovulub

Xəbərlər
8 Oktyabr 2025 23:23
33
London avtobusunun sürücüsü “Liverpul”un formasını geyindiyi üçün işdən qovulub

Londonda Ayzek adlı avtobus sürücüsü futbol köynəyinə görə mübahisəyə qarışdıqdan sonra işdən qovulub.

İdman.biz-in məlumatına görə, bu şəxs vəzifəsini yerinə yetirərkən “Liverpul”un formasını geyinib və komandalar arasında “Stemford Bric”də keçirilən matçdan sonra “Çelsi” azarkeşlərinin təqib hədəfinə çevrilib.

Ayzek avtobusu idarə edərkən geyindiyi köynəkdə “Liverpul”un gerbini görən “Çelsi” azarkeşləri onun ətrafına toplaşıblar. Azarkeşlərin avtobusu mühasirəyə alaraq şüşələri döyəcləməsinin videosu sosial mediada sürətlə yayılıb.

Sürücü özü vəziyyəti “dəhşətli” adlandırıb: “Onlar pəncərəni açırdılar, mən də saxlamalı oldum. Nəhayət, polis onları qovdu və mən depoya qayıtdım”.

Daha sonra Ayzek iddia edib ki, “A1 Transport Recruitment” agentliyi onu vahid uniforma qaydasını pozduğunu əsas gətirərək işdən çıxarıb.

“Bazar ertəsi səhər mənə məktub gəldi: “Oktyabrın 4-də baş verən hadisələrə görə siz forma geyinmədiyiniz üçün işdən çıxarılırsınız”.

Sürücü deyib ki, “şirkətdə artıq sağlam düşüncə və işçilərə qayğı yoxdur”.

Hadisə "Çelsi"nin “Liverpul”u 2:1 hesabı ilə məğlub etdiyi matçdan sonra baş verib.

İdman.biz