İtaliya A Seriyasının 10-cu turunda “Bolonya” doğma meydanda “Montsa”nı 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Renato Dall'Ara” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri hesabda geri düşsələr də, geridönüş etməyi bacarıblar.
Altıncı dəqiqədə Qustavo Varela penaltini dəqiq yerinə yetirərək qonaqları önə keçirib. “Bolonya” 33-cü dəqiqədə Tommazo Pobeqanın qolu ilə tarazlığı bərpa edib.
İkinci hissənin 59-cu dəqiqəsində Federiko Bernardeski penaltidən fərqlənərək meydan sahiblərini hesabda irəli çıxarıb.
Görüşün 81-ci dəqiqəsində “Montsa” hesabı bərabərləşdirmək üçün əlverişli fürsət əldə edib. Lakin Patrik Kutronenin penalti zərbəsini “Bolonya”nın qapıçısı Lukaş Skorupski dəf edərək komandasının qələbəsini qoruyub.
Beləliklə, “Bolonya” A Seriyasında ardıcıl üçüncü qələbəsini qazanıb. Daha əvvəl səfərdə “Kalyari” və “Milan”ı məğlub edən komanda apreldən bəri ilk dəfə öz meydanında üç xala sahib çıxıb. Komanda 14 xalla turnir cədvəlində səkkizinci pillədədir, "Montsa" isə yeddi xalla 16-cı pillədədir.
