Messi beş sarı vərəqə alsa da, cəzadan qurtuldu – MLS-in qeyri-adi qaydası

31 Oktyabr 2026 19:35
88
Messi beş sarı vərəqə alsa da, cəzadan qurtuldu – MLS-in qeyri-adi qaydası

“İnter Mayami”nin hücumçusu Lionel Messi mövsümdə beşinci sarı vərəqəsini almasına baxmayaraq, diskvalifikasiyadan yayınıb.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçu “Sinsinnati” ilə 2:2 hesablı heç-heçə başa çatan qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb. O, bundan əvvəl “Kolorado Rapids”, “Orlando Siti”, “Neşvill” və “Atlanta Yunayted”lə oyunlarda da xəbərdarlıq alıb.

MLS-in qaydalarına əsasən, beş sarı vərəqə toplayan futbolçu avtomatik olaraq bir oyunluq diskvalifikasiyaya məruz qalmalıdır. Lakin liqada tətbiq edilən “Nümunəvi davranış” qaydası Messinin cəzadan yayınmasına imkan verib.

Bu qaydaya görə, futbolçu ardıcıl beş qarşılaşmada sarı və ya qırmızı vərəqə almırsa, həmçinin əlavə intizam sanksiyasına məruz qalmırsa, onun hesabından bir sarı vərəqə silinir. Mövsüm ərzində bu güzəştdən maksimum üç dəfə yararlanmaq mümkündür.

Messi cari mövsümdə iki dəfə ardıcıl beş oyunu intizam pozuntusu olmadan başa vurduğu üçün onun topladığı sarı vərəqələrdən ikisi diskvalifikasiya hesablamasından çıxarılıb.

Beləliklə, argentinalı futbolçu meydanda beş sarı vərəqə alsa da, cəza hesablamasında onun aktivində cəmi üç xəbərdarlıq var.

Bu səbəbdən Messi MLS-in müntəzəm mövsümündə “Nyu-İnqlənd Revolyuşn”a qarşı keçiriləcək növbəti matçda iştirak edə biləcək.

İdman.Biz