Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” Türkiyə 1-ci Liqasında növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Bursa təmsilçisi 13-cü turda doğma meydanda “Bandırmaspor”u 3:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesabı yeddinci dəqiqədə Halil Akbunar açıb. Daha sonra Luis Beyker 12 və 23-cü dəqiqələrdə fərqlənərək komandasının üstünlüyünü üç topa çatdırıb.
Toral Bayramov qarşılaşmaya start heyətində başlayıb. Azərbaycan millisinin futbolçusu yeddinci dəqiqədə Halil Akbunarın vurduğu ilk qolun məhsuldar ötürməsini verib. O, 32-ci dəqiqədə təhlükəli hücumla da yadda qalıb. Lakin rəqiblərini keçərək endirdiyi zərbədən sonra top müdafiəçiyə dəyərək geri qayıdıb.
Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Bursaspor” turnir cədvəlində liderliyini möhkəmləndirib.
