“Real Madrid”in futbolçusunun evi “El-Klasiko” zamanı qarət olundu - 350 min avrodan çox zərər

1 Noyabr 2026 01:38
96
“Real Madrid”in futbolçusunun evi “El-Klasiko” zamanı qarət olundu - 350 min avrodan çox zərər

“Real Madrid”in braziliyalı futbolçusu Eder Militaonun Madriddəki evi qarət olunub. Futbolçuya dəymiş zərərin 350 min avrodan (təxminən 695 min manat) çox olduğu bildirilir.

İdman.Biz İspaniyanın “El Mundo” qəzetinə istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də “Barselona” ilə “Real Madrid” arasında keçirilən La Liqa matçı (2:1) zamanı baş verib.

Ən azı iki nəfər Madridin La Moraleha yaşayış ərazisində yerləşən evə üçüncü mərtəbədəki hamam otağının pəncərəsindən daxil olub. Həmin vaxt Militaonun qohumları birinci mərtəbədə televizor vasitəsilə qarşılaşmanı izləyirmiş.

Yerli vaxtla saat 21:50 radələrində polis əməkdaşları və yaşayış kompleksinin mühafizəçiləri evə gələrək şübhəli şəxslərlə bağlı sakinləri sorğu-sual ediblər. Bundan sonra evə baxış zamanı futbolçunun yataq otağının qarət olunduğu aşkarlanıb.

Məlumata görə, oğrular 53 min avro dəyərində “Rolex” və 170 min avroluq “Richard Mille” saatlarını aparıblar. Bundan başqa, təxminən 15 min avroluq “Chanel” çantaları, 25 min avroluq “Cartier” zinət əşyaları və digər qiymətli əşyalar oğurlanıb.

Hadisə zamanı evin siqnalizasiya sistemi aktiv olmayıb. Cinayətkarlar müşahidə kameralarından birini yerindən qoparsalar da, onların bir neçə saniyəlik görüntüsü qeydə alınıb.

Polis həmin görüntüləri və yaşayış kompleksinin ətrafındakı kameraların qeydlərini araşdırır.

İdman.Biz