Argentina və İngiltərə yığmaları futbol üzrə 2026-cı il dünya çempionatının ikinci finalçısını müəyyənləşdirəcək.
İdman.Biz xəbər verir ki, prinsipial rəqiblər bu gün “Atlanta Stadium”da üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib iyulun 19-da finalda ilk yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya ilə qarşılaşacaq. Məğlub olan komanda isə üçüncü yer uğrunda oyunda Fransa ilə üz-üzə gələcək.
Argentina üçün bu oyun dörd il əvvəl qazandığı dünya çempionluğunu qorumaq yolunda sondan əvvəlki addımdır. Qeyd edək ki, 1962-ci ildə buna nail olan Braziliyadan sonra heç bir yığma ardıcıl iki dünya çempionu ola bilməyib. İngiltərə isə 60 ildən sonra ilk dəfə dünya çempionatının finalına yüksəlməyə çalışır. Futbolun vətəni yalnız bir dəfə - 1966-cı ildə ev sahibliyi etdiyi mundialda həlledici oyuna çıxaraq çempion olub.
Hər iki komanda qrupunu birinci pillədə başa vursa da, yarımfinala gedən yol ilk mərhələdən sonra gözlənildiyindən daha çətin keçib. Argentina əvvəlcə Əlcəzairi 3:0, Avstriyanı 2:0, İordaniyanı isə 3:1 hesabı ilə məğlub edib. Lionel Messi ilk iki oyunda beş qol vurub, son turda isə Lionel Skaloni əsas heyətin əksər futbolçularına istirahət verib.
Pley-off mərhələsində isə son dünya çempionu bir neçə dəfə mübarizəni dayandırmağın astanasına gəlib. Argentina yalnız əlavə vaxtda turnirin debütantı Kabo-Verdeni 3:2 hesabı ilə keçə bilib. Daha sonra komanda əsas vaxtın bitməsinə 11 dəqiqə qalmış Misirə 0:2 hesabı ilə uduzurdu. Lakin Kristian Romero, Messi və Enso Fernandezin qolları argentinalılara əzmkar qələbə qazandırıb – 3:2. Dörddəbir finalda da Argentina əlavə 30 dəqiqə oynayıb və azlıqda qalan İsveçrəni 3:1 hesabı ilə məğlub edib.
İngiltərə isə turnirə Xorvatiya üzərində 4:2 hesablı məhsuldar qələbə ilə başlayıb. Daha sonra Qana ilə qolsuz bərabərə qalıb, qrup mərhələsini isə Panama üzərində 2:0 hesablı qələbə ilə başa vurub. Tomas Tuxelin komandası qrupu lider kimi tamamlayıb, lakin elə həmin mərhələdə də onun qeyri-sabitliyi hiss olunurdu. İlk oyundakı parlaq hücum futbolunu sonrakı matçlarda dərin müdafiəyə qarşı çətinliklə yaradılan epizodlar əvəz etdi.
1/16 finalda ingilislər Konqo millisindən 7-ci dəqiqədə qol buraxıblar və uzun müddət oyunun gedişini dəyişə bilməyiblər. Lakin Harri Keynin oyunun sonlarında vurduğu qollarla 2:1 hesablı qələbə qazanıblar. Növbəti mərhələdə İngiltərə azlıqda qalmasına baxmayaraq, mundialın ev sahibi Meksikanın təzyiqinə tab gətirib və Cud Bellinqemin dubllu, Keynin isə penaltidən vurduğu qol sayəsində 3:2 hesabı ilə qalib gəlib. Dörddəbir finalda Tuxelin komandası yenə geridönüş edib: Bellinqem fasiləyədək hesabı bərabərləşdirib, əlavə vaxtın 3-cü dəqiqəsində isə Norveçin qapısına qələbə qolunu vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.
Beləliklə, Argentina turnirdə 17, İngiltərə isə 13 qol vurub. Hər iki komanda qapısında 6 top görüb. Argentinalılar qrup mərhələsində daha etibarlı təsir bağışlasalar da, pley-offun hər üç görüşündə qol buraxıblar. İngilislər də pley-ofun iki oyununda geridönüş edərək növbəti mərhələyə yüksəlib və bunu əsasən Keyn və Bellinqemin fərdi ustalığı sayəsində bacarıblar.
Argentina millisinin əsas fiquru yenə də 39 yaşlı Messidir. O, bu dünya çempionatında artıq səkkiz qol vurub və mundiallarda vurduğu qolların sayını rekord həddə – 21-ə çatdırıb. Yarımfinal Argentina kapitanının peşəkar karyerasında İngiltərə millisinə qarşı ilk oyunu olacaq.
İngiltərədə isə iki futbolçu - Keyn və Bellinqem hərəyə altı qol vurub. Kapitan hücumun əsas fiquru olaraq həm hücumları tamamlayır, həm də kombinasiyalarda iştirak etmək üçün geriyə çəkilir. Bununla belə, İngiltərənin pley-off mərhələsində əsas qəhrəmanına çevrilən Bellinqem olub. Onun Meksika və Norveçlə oyunlarda vurduğu dörd qol komandasını yarımfinala daşıyıb.
Taktiki baxımdan Argentina mərkəz zonanı sıxlaşdırmağa, Messiyə xətlər arasında sərbəstlik yaratmağa və Rodriqo De Paul, Aleksis Makallister, Enso Fernandezin intensiv oyunundan maksimum yararlanmağa çalışacaq. Komandanın əsas üstünlüklərindən biri ən çətin anlarda belə özünə inamını itirməməsidir. Bununla yanaşı, Kabo-Verde, Misir və İsveçrə ilə oyunlar göstərdi ki, argentinalıların yüksək və aqressiv müdafiə xətti rəqibin sürətli əks-hücumları qarşısında həssasdır.
İngiltərə isə fiziki gücü, standart vəziyyətləri, Bellinqemin arxa xətdən hücumlara qoşulması və cinah oyunu hesabına təhlükə yaradır. Keynin daim cərimə meydançasında olması vacib deyil. Onun geriyə çəkilməsi yarımmüdafiəçilərin boş zonalara daxil olmasına şərait yaradır. Bununla belə, Tuxelin komandası bütün pley-off oyunlarında matçın tempinə tam nəzarət edə bilməyib və hər üç görüşdə uğursuz oyun parçaları yaşayıb.
İngiltərə futbolunu “Liverpul”dakı çıxışından yaxşı tanıyan Aleksis Makallister bildirib ki, Tuxelin komandası bu mundialda həmişə ingilis klublarına xas olan intensivliyi nümayiş etdirməyib. Onun fikrincə, buna isti hava, yorğunluq və ağır oyun qrafiki təsir göstərib. Tuxel isə təşəbbüsün daim əldən-ələ keçəcəyi emosional qarşılaşma gözlədiyini bildirib.
Bu arada İngiltərə yarımfinal öncəsi güclənib. Deklan Rays xəstəliyini sağaldaraq ilk dəqiqələrdən oynamağa hazırdır. Bununla yanaşı, Carrell Kuansa diskvalifikasiya, Cordan Henderson isə zədə səbəbindən matçı buraxacaq. Tuxel vurğulayıb ki, komandada heç kim yalnız yarımfinala yüksəlməklə kifayətlənmək fikrində deyil.
Matçöncəsi mətbuat konfransında Argentina millisinin baş məşqçisi Lionel Skaloni heyəti açıqlamaqdan imtina edib və hazırda ən yaxşı vəziyyətdə hesab etdiyi futbolçuları meydana buraxacağını bildirib. Mütəxəssis, həmçinin 1982-ci ildə Folklend adaları uğrunda baş vermiş hərbi münaqişəni nəzərdə tutaraq, müasir futbol matçına ölkələr arasındakı siyasi və tarixi ziddiyyətlərin daşınmamasına çağırıb.
Lakin belə qarşılaşma öncəsi tarixdən tam uzaqlaşmaq demək olar ki, mümkün deyil. Argentina və İngiltərə dünya çempionatlarında indiyədək beş dəfə qarşılaşıblar. İngilislər 1962-ci ildə 3:1 hesabı ilə qalib gəlib. Dörd il sonra isə 1:0 hesabı ilə qalib gəldikləri qalmaqallı dörddəbir final sonradan futbolda sarı və qırmızı vərəqələrin tətbiqinə səbəb olub. 1986-cı ildə Argentina 2:1 hesabı ilə revanş alıb, 1998-ci ildə 2:2 hesablı heç-heçədən sonra penaltilər seriyasında qalib gəlib, 2002-ci ildə isə Devid Bekhemin penaltidən vurduğu qol İngiltərəyə 1:0 hesablı qələbə qazandırıb.
Qarşıdakı matça xüsusi rəmzi məna verən məqamlardan biri də argentinalıların forma seçimidir. Komanda ənənəvi ağ-göy deyil, tünd-göy rəngli səfər forması ilə meydana çıxacaq. Məhz bu formada Argentina 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının dörddəbir finalında İngiltərəni məğlub etmişdi. Həmin oyunda Dieqo Maradona mundial tarixinin ən məşhur iki qolunu vurmuşdu. Əvvəlcə topu əli ilə qapıya göndərərək sonradan “Tanrının əli” adlandırılan epizoda imza atmış, cəmi dörd dəqiqə sonra isə möhtəşəm solo reyddən sonra “Əsrin qolu” kimi tarixə düşən qolu vurmuşdu.
Argentina 1998-ci il dünya çempionatında da İngiltərəyə qarşı məhz tünd-göy formada çıxış etmiş və penaltilər seriyasında qalib gəlmişdi. Tuxel belə xurafatları başa düşdüyünü və rəqibin yerində olsa, eyni addımı atacağını etiraf edib. Skaloni isə bu formanın seçilməsini şəxsən istəmədiyini, qərarın ənənə ilə bağlı verilə biləcəyini söyləyib.
Əlavə edək ki, qarşılaşmanın baş hakimi ABŞ-li İsmayıl Əlfət olacaq. Bu, onun cari dünya çempionatında idarə edəcəyi dördüncü oyun olacaq. O, daha əvvəl Niderland - Yaponiya, İspaniya - Uruqvay və Braziliya - Norveç görüşlərində ədaləti qoruyub.
