Azərbaycanın veteran futbolçusu Vəli Qasımov İngiltərə millisinin dünya çempionatında növbəti finalçı olacağını düşünür.
O, ABŞ, Kanada və Meksikada təşkil olunun mundialın yarımfinal mərhələsində bu gün baş tutacaq İngiltərə - Argentina oyunu haqqında fikirlərini bölüşüb.
“Çox maraqlı qarşılaşma olacaq. Hər iki kollektiv finala vəsiqə qazanmaq üçün bütün gücünü ortaya qoyacaq. İngiltərə və Argentinanın heyətində ulduz və istedadlı oyunçular var. Məncə, rəqibinə nisbətən İngiltərə daha şanslıdır və finala vəsiqə qazanacaq”, - deyə o report.az-a açıqlamasında söyləyib.
V.Qasımov hər iki yığmanın yarımfinaladək elə də güclü olmayan komandalarla qarşılaşdığını sözlərinə əlavə edib:
“Düşünürəm ki, həm də güclü oyun da sərgiləməyiblər. Bu, şəxsi fikrimdir. Argentina seçməsinin yarımfinala vəsiqə qazanması müxtəlif səbəblərdən futbol ictimaiyyətində müzakirə mövzusudur. İngiltərə də bəzi matçlarda yaxşı oyun sərgiləyə bilməyib. Amma bu raunda qədər irəliləyib. Buna baxmayaraq, bugünkü matç çox maraqlı olacaq”.
Xatırladaq ki, İngiltərə - Argentina oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq. Yarımfinalın ilk oyununda İspaniya Fransanı iki cavabsız qolla üstələyib.
DÇ-2026-nın final matçı iyulun 19-da baş tutacaq.
