“Fransa millisinin hücumçusu Kilian Mbappenin DÇ-2026-nın ən məhsuldar oyunçusu olmaq şansı daha çoxdur”.
Bunu Azərbaycan millisinin keçmiş futbolçusu Rauf Əliyev deyib.
O, Mbappe ilə yanaşı, Argentina yığmasının kapitanı Lionel Messinin şanslarını yüksək qiymətləndirib.
“Fransa yığmasının ümumi gücünü nəzərə alsaq, Kilian Mbappenin bombardirlik yarışında şansı daha çoxdur. Çempionluğa ən böyük namizədlərdən biri Fransa, digəri isə İspaniyadır. Lionel Messi isə tamamilə fərqli bir səviyyədir və ondan hər an hər şey gözləmək olar. Onu heç vaxt unutmaq olmaz, bu gün het-trik edərək fərqi artıra da bilər. Fransa komandasının finala qədər gedəcəyi ehtimal olunduğu üçün bombardirlərin yarışında Mbappe variantı bir qədər üstün görünür”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Sabiq hücumçu dünya çempionatı başlamazdan əvvəlki gözləntilərinə də toxunub:
“Yarışdan əvvəl də daha çox Kilian Mbappeni və bir az da Lamin Yamalı namizəd kimi görürdüm. Hazırda da əsas namizəd Mbappedir və o, turnirdə sözünü deməkdə davam edir”.
Qeyd edək ki, DÇ-2026-nın bombardirləri siyahısında hazırda ilk iki yerdə hərəyə 6 qol vuran Kilian Mbappe və Lionel Messi qərarlaşıb. Onları hərəyə 5 qolla Norveç yığmasının hücumçusu Erlinq Holann və İngiltərə millisinin kapitanı Harri Keyn izləyir.
