2026-cı il dünya çempionatının qrup mərhələsində ikinci turun növbəti oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, İordaniya və Əlcəzair yığmaları ABŞ-nin Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşən “Levis” stadionunda üz-üzə gəliblər. Qarşılaşma Əlcəzair millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 36-cı dəqiqədə açılıb. İordaniya millisinin yarımmüdafiəçisi Nizar Əl-Rəşdan fərqlənərək komandasını önə keçirib. Bu qol İordaniya yığmasının DÇ-2026-da ikinci qolu olub.
Əlcəzair ikinci hissədə oyunun gedişini dəyişib. Nadir Benbuali Riyad Mahrezin ötürməsindən sonra hesabı bərabərləşdirib. 82-ci dəqiqədə isə Amin Quiri fərqlənərək Afrika təmsilçisinə qələbə qazandırıb.
Bu qələbə Əlcəzair üçün turnir baxımından həyati əhəmiyyət daşıyıb. Afrika təmsilçisi iki turdan sonra 3 xalla üçüncü pilləyə yüksəlib və növbəti mərhələ şansını qoruyub. Eyni xala malik Avstriya top fərqinə görə ikinci sıradadır. Argentina 6 xalla J qrupunun lideridir və pley-offa vəsiqəni təmin edib. İki oyundan sonra xalı olmayan İordaniya isə sonuncu pillədə qalıb.
Qeyd edək ki, son turda Əlcəzair Avstriya ilə qarşılaşacaq. Bu matç Afrika təmsilçisi üçün həlledici olacaq. İordaniya isə qrup mərhələsinin son oyununda Argentina ilə üz-üzə gələcək. Hər iki oyun 28 iyun, Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
