DÇ-2026-nın qrup mərhələsində Belçika və İran yığmaları arasında keçirilən G qrupunun matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.
İdman.Biz xəbər verir ki, İran millisinin qapıçısı Əlirza Beyranvənd oyunun ən yaxşısı adına layiq görülüb.
Təbrizin “Traktor” klubunda çıxış edən qolkiper görüş ərzində komandasını doqquz dəfə real qol təhlükəsindən xilas edib. Onun inamlı oyunu İran yığmasının Belçika ilə matçdan xal qazanmasında əsas amillərdən biri olub.
Bu, Beyranvəndin dünya çempionatlarında yeddinci matçı olub. O, bu oyunlarda beş qol buraxıb, iki görüşdə isə qapısını toxunulmaz saxlayıb. Ümumilikdə, qapıçının milli komandada 88 oyunu var: 52 buraxılmış qol və 45 “quru” matç.
