DÇ-2026-da avtoqol edən müdafiəçinin ömürlük cəzası var - VİDEO

17 İyun 2026 17:11
123
DÇ-2026-da avtoqol edən müdafiəçinin ömürlük cəzası var - VİDEO

İordaniya millisinin müdafiəçisi Yazan Əl-Ərəb DÇ-2026-dakı debütündə avtoqol müəllifi olmaqla gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi J qrupunun ilk turunda Avstriyaya qarşı keçirilən görüşdə topu öz qapısına göndərib. Bu qol Avropa təmsilçisini hesabda 2:1 önə keçirib, qarşılaşma isə Avstriyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əl-Ərəb mundiala uğurlu klub mövsümündən sonra yollanıb. Cənubi Koreyanın “Seul” futbol klubunda çıxış edən müdafiəçi 2025-ci ildə K Liqa 1-in simvolik komandasına seçilib.

Lakin futbolçunun karyerasında qalmaqallı hadisə də var. Əl-Ərəb 2023-cü ildə Malayziyanın “Selanqor” klubunun formasını geyinərkən ölkə kubokunun “Terenqqanu” ilə 1/4 final matçında hakimlə mübahisə edib.

Qırmızı vərəqə alan müdafiəçi referiyə nalayiq ifadələr ünvanlayıb, onu sinəsindən itələyib, arxadan təpikləyib və üzərinə tüpürüb.

Malayziya Futbol Assosiasiyası hadisə ilə bağlı araşdırmadan sonra Əl-Ərəbi ölkədəki bütün futbol fəaliyyətlərindən ömürlük uzaqlaşdırıb. Qərar futbolçu, məşqçi, inzibatçı və ya rəhbər kimi fəaliyyət göstərməyi əhatə edib. “Selanqor” da onunla müqaviləyə xitam verib.

İordaniyalı futbolçu daha sonra əməlindən peşman olduğunu bildirib:

“Bunlar həyatımın ən pis beş saniyəsi idi. Oyundan sonra videoya baxanda öz-özümə dedim ki, bu, mən deyiləm”.

Əl-Ərəb Malayziyada yenidən oynamaq istədiyini və gələcəkdə ömürlük cəzanın ləğv olunacağına ümid etdiyini söyləyib. Lakin qadağa hələ də qüvvədədir.

İdman.Biz