“Birinci hissədə buraxdığımız səhvdən sonra qol yedik və komandada müəyyən eniş yarandı. Fikrimcə, ikinci hissəyə yaxşı başladıq. Fasilədə danışdığımız plan öz nəticəsini verdi”.
İdman.Biz bildirir ki, bu sözləri dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstanla oyundan sonra qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Belə rəqibə qarşı ən kiçik səhv belə təhlükəlidir. Bunun nəticəsini də gördük. Məğlub olsaq da, komandamızın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qızlar sona qədər mübarizə apardılar və xarakter göstərdilər.
Rəqib orta xətdə rotasiya edərək say üstünlüyü yaradırdı. Belə vəziyyətdə bizim iki yarımmüdafiəçimizin üzərinə böyük yük düşürdü və onlar məcburən daha çox qaçmalı olurdular. Bu da təbii ki, oyunun gedişinə təsir göstərdi.
Qısa ötürmələrlə cinahlara topu çatdırmağı düşünürdük. Amma ilk hissədə gördük ki, qızlar tez-tez səhvlər buraxdı. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Ondan sonra isə uzun paslarla oynamağa başladılar. Amma bizim onlarla uzun ötürmələrlə oyunda şansımız yox idi. İkinci hissədə isə qısa paslarla çıxış etdik, bu da oyunçularda yaxşı alındı və qol da vurduq.
Bu görüşdə komanda çox güc sərf etdi. Qarşıda daha bir oyunumuz var və düşünürəm ki, o da çətin keçəcək. Ancaq həmin matçda mütləq qələbə qazanmalıyıq”, - Əsgərov bildirib.
