İran milli komandasının keçmiş müdafiəçisi Məhəmməd Təqavi milli komandanın oyunçuları ilə bağlı qalmaqal fonunda ölkənin qadın milli komandasına davamlı təzyiqdən danışıb.
İdman.Biz xatırladır ki, 9 martda İran qadın milli komandasının beş oyunçusunun Avstraliyada keçirilən Asiya Kubokundan kənarlaşdırıldıqdan sonra komandanın düşərgəsindən qaçdığı bildirilib.
“Rejimin strategiyası iki istiqamətdə işləyirdi. Əgər tanınmış oyunçu olsaydınız, heç vaxt təzyiq olmayıb. Sizə pul kimi üstünlüklər, torpaq almaq üçün əlverişli şərtlər verilirdi... Bunlar rüşvət idi.
Əgər daha az tanınmış olsaydınız, deyərdilər ki, “səni həbsxanaya salacağıq, futbol oynamağa qoymayacağıq, ailəni öldürəcəyik”. Qadın komandasına isə həmişə bu cür təzyiq olub.
Onlar həmçinin komandanın içərisindən bir oyunçu cəlb etməyə çalışardılar. Ona oyunçuların dediklərini, komandada nələrin baş verdiyini bildirməsi və onları hər hansı bir plan barədə xəbərdar etməsi üçün pul ödəyərdilər”, - deyə Təqavi “New York Times” qəzetinə bildirib.
Daha əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi qadın futbolçuları oyunlarından birində dövlət himnini ifa etmədiklərinə görə tənqid edərək qeyd etmişdi ki, “müharibə dövründə xainlərlə daha sərt davranılmalıdır”. Bu hadisələrdən sonra FIFPro qadın futbolçuların təhlükəsizliyini təmin etmək üçün FIFA və Asiya Futbol Konfederasiyasına (AFC) müraciət etmişdi.
