Fiqurlu konkisürənlərimiz Olimpidaya iki lisenziya uğrunda yarışacaqlar

Xəbərlər
21 Avqust 2025 21:17
42
Fiqurlu konkisürənlərimiz Olimpidaya iki lisenziya uğrunda yarışacaqlar

Sentyabrın 19-21-də Pekində keçiriləcək Olimpiya təsnifat turnirində Azərbaycanı təmsil edəcək fiqurlu konkisürənilərin adları bəlli olub.

İdman.biz xəbər verir ki, Beynəlxalq Konkisürmə İttifaqının (ISU) açıqladığı siyahıda Azərbaycanın 3 idmançısı yer alıb.

Qadınlar arasında təklərin yarışında Nərgiz Süleymanova (əvəzedici - Səbinə Əliyeva), rəqs üzrə isə Daniel Brıkalov və Samanta Ritter (əvəzedicilər - Maksin Uezerbi və Aleksandr Kolosovski) Olimpiya lisenziyası uğrunda mübarizə aparacaqlar.

Ölkəmiz artıq 2026-cı il Qış Olimpiya Oyunlarına bir lisenziya əldə edib. Fiqurlu konkisürən Vladimir Litvintsev bu hüquqa sahib olub.

Qeyd edək ki, Nərgiz Süleymanova 2025-ci ildə Bostonda (ABŞ) keçirilən dünya çempionatında 25-ci yeri tutaraq Olimpiya lisenziyasının bir addımlığında dayanıb. Yarışda ilk 24 yeri tutan fiqurlu konkisürənlər oyunlara vəsiqə qazanıblar.

İdman.biz