Dağ xizəyi üzrə “Heydər Əliyev Kuboku”nun açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
10 Fevral 2024 11:13
Dağ xizəyi üzrə “Heydər Əliyev Kuboku”nun açılış mərasimi keçirilib - FOTO

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Qusarda dağ xizəyi üzrə “Heydər Əliyev Kuboku”nun açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində baş tutan tədbirdə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov iştirak ediblər.

Bildirilib ki, yarışda 6 müxtəlif yaş kateqoriyası üzrə 60-a yaxın həvəskar idmançı slalom gigant növünda mübarizə aparacaq. Həvəskarlar arasında təşkil olunan “Heydər Əliyev kuboku”nda 18-25, 26-45 və +46 yaş qrupu üzrə kişilər və qadınlar finiş xəttinə çıxacaqlar.

Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaq, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim ediləcək.

Yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku” fevralın 17-də böyüklər və uşaqlar arasında snoubord üzrə, ayın 24-də isə uşaqlar arasında davam etdiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: